MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 3-cü hissəsinin növbəti qonağı görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova oldu

17:52 15.06.2023



“PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirdiyimiz “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 3-cü hissəsinin növbəti qonağı görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova oldu. Fatma xanım layihə iştirakçılarını çay süfrəsinə qonaq edərək Heydər Əliyevlə bağlı xatirələrindən danışdı.

F.Hüseynova SSRİ Ali Sovetinin deputatlığına namizədliyinin irəli sürülməsində maraqlı məqamın yaşandığını xatırladıb:

“Həmin vaxt Gəncədə, Kənd Təsərrüfatı İnstitutunda oxuyurdum, tətilə gəlmişdim. Bir gün Heydər Əliyev yenidən bizim rayona, təsərrüfatımıza gəldi. Dedi ki, qızım, səndən sənəd almadılar? Cavab verdim, xeyr.

Birinci katib Məmmədov da bizim yanımızda idi. Dedi, axı tapşırmışdım ki, bu qızın sənədlərini hazırlayıb SSRİ Ali Sovetinin deputatlığına namizədliyini verin, niyə etməmisiniz? Katib cavab verdi ki, axı, o, Azərbaycanın deputatıdır, onun yerinə başqasının sənədlərini hazırlamışıq. Heydər Əliyev dedi ki, çox səhv etmisən, necə ola bilir mən həm Azərbaycanın, həm SSRİ-nin deputatı ola bilirəm, amma bu qız yox?! Görün Heydər Əliyev necə gözəl insan və necə böyük şəxsiyyətdir ki, mənimlə özündə fərq görmürdü.

Sonra bir gün SSRİ Kommunist Partiyasının 25-ci qurultayında iştirak etmək üçün Moskvaya gedirdik, özü də qatarla. Mühafizəçisi gəldi və dedi ki, yoldaş Əliyev sizi çağırır. Günorta, nahar vaxtı idi. Biz də həyəcanla soruşduq ki, görəsən, niyə çağırır, dedi ki, nahara dəvət edir. Durduq, getdik, bir tərəfində məni, bir tərəfində də Tərlan Musayevanı əyləşdirdi. Bizim xətrimizi çox istəyirdi.

Biz də utandığımızdan onun yanında çörək yeyən idik?! Süfrədə təzə xiyar vardı, götürdüm onu o tərəf, bu tərəf eləməyə. Sən demə, Heydər Əliyev də fikir verirmiş, dedi ki, siz yeməsiniz, mən də yeməyəcəyəm. Dedi ki, fiqura saxlayırsınız, niyə yemirsiniz? (gülür). Siz yeməsəniz, onda mən də nahar etməyəcəm. Çəkinə-çəkinə pendirdən bir az kəsib götürdüm, dedim ki, yoldaş Əliyev, vallah, süfrə başından durub gəlmişik, ona görə yemirik...

Bir gün SSRİ Ali Sovetinin sessiyası idi. Artıq Heydər Əliyev onda Siyasi Büroda idi. Amma hər sessiyada bizimlə mütləq görüşər, hal-əhval tutardı.