MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad rayonunda "Kainat" kurslarının və "DAĞ-3" layihəsinin açılış mərasimləri keçirildi

14:41 29.09.2022



Sabirabad rayon məzunlarının ali təhsil müəssisələrinə qəbulolma faizi cəmi 25.81-ə bərabərdir (2020-ci il). Sabirabad rayonu bu nəticə ilə respublikada sondan 3-cü yeri tutur. Əlbətdə bu nəticənin obyektiv və subyektiv səbəbləri var. Bəzi hallarda rayon camaatının övladını Bakıda oxumağa göndərməyə imkanı olmur, bəzi hallarda imkanı olsa da şagirdin oxumağa həvəsi olmur və ya keyfiyyətli təhsil ala bilmir. Keyfiyyətli təhsil məsələsinin də obyektiv və subyektiv səbəbləri var.
 
Bütün bunları nəzərə alaraq, biz şagirdlərin ali təhsil müəssisələrə qəbul prosesinə kiçik də olsa dəstək vermək üçün "Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsini başladıq. Belə ki, son iki ildə sosial təminatı aşağı olan ailələrin övladlarının Şirvan şəhərində yerləşən "Kainat" kurslarında hazırlıq keçməklərinə vasitəçi olduq. Birinci il "Kapital Bank", ikinci il isə Heydər Əliyev Fondu dəstək oldu. Bunun nəticəsində hazırlaşan gənclərin əksəriyyəti ali təhsil müəssisələrinə qəbul oldu.
Bu prosesin davamlılığını təmin etmək üçün "Kainat" kursunun rəhbəri İlqar müəllimdən Sabirabad şəhərində kurs açmağa təşviq etdik. Çünki bu bilinən bir faktdır ki, hazırlıq kurslarının daha çox fəaliyyət göstərdiyi rayonlarda təhsil səviyyəsi də yüksək olur. Məktəblər, müəllimlər və şagirdlər arasındakı rəqabət bu prosesə töhfə verir.
 
Bu gündən etibarən Sabirabad şəhərində də "Kainat" kursu var. Kursun rəhbəri İlqar müəllim bundan sonra hər il bizim adımızdan sosial təminatı aşağı olan lakin yüksək potensiala malik 10 şagirdi pulsuz hazırlaşdıracaq. Bu il üçün artıq 12 nəfər seçilib və hazırda müvafiq hazırlıq kursları keçirlər. Uğurlu xeyirli olsun. İlqar müəllimə də bu cür nəcib dəstəyə görə xüsusi təşəkkür edirəm.